COOKIE NƏDİR VƏ VEB SAYTLARDA NECƏ İSTİFADƏ OLUNUR?

Cookie nədir, veb saytlar tərəfindən nə üçün istifadə olunur və qanunvericiliklə necə tənzimlənir?

Cookie (həmçinin veb cookie, internet cookie, brauzer cookie də adlanır) daxil olduğumuz veb saytlar tərəfindən istifadə etdiyimiz qurğuya yerləşdirilən kiçik mətn fayllarıdır. İngilis dilində “kökə” və ya “peçenye” mənasını verən “cookie” termini ilk dəfə veb brauzer proqramçısı Lou Montulli tərəfindən istifadə edilmiş və Unix proqramçıları tərəfindən istifadə edilən “magic cookie” terminindən götürülmüşdür.

Cookie-lər brauzerə göndərilir və sayta daxil olmaq üçün istifadə etdiyimiz kompüter, mobil telefon və ya digər cihazda saxlanılır. Cookie-lər əksər hallarda veb saytların işləməsinə və ya daha effektiv işləməsinə, veb sayt sahiblərinə məlumat verilməsinə, o cümlədən istifadə etdiyimiz qurğunun identifikasiyasına imkan yaradır.

Cookie-lər funksional və perfomans cookie-ləri kimi iki qrupa bölünür.  Funksional cookie-lər texniki tələblərə cavab verir, onlar veb saytlara səmərəli və etibarlı qoşulmaq üçün tələb olunur. Perfomans cookie-ləri daha çox istifadə olunan faylları asanlıqla, daha sürətlə tapmaq və istifadə etməkdə kömək edərək, üstünlük verdiyimiz faylları qeyd edir və onların axtarışını asanlaşdırır. Bu cookie-lərdən həmçinin statistik məqsədlər üçün də istifadə olunur.

Cookie faylları daimi, yəni istifadəçi onları silənədək kompüterdə saxlanıla bilən və müvəqqəti (bu cür cookie faylları “sessiya faylları” da adlanır), yəni yalnız brauzer bağlananadək saxlanılan ola bilər. Bundan başqa, cookie faylları əsas (onlar birbaşa daxil olunan sayt tərəfindən quraşdırılır) və kənar (digər saytlar tərəfindən quraşdırılır) cookie fayllarına bölünür.

Veb brauzerlər cookie-ləri məhdudlaşdırmağa və ya onları silməyə imkan verir. Lakin bütün və ya bəzi cookie-ləri əngəlləməklə veb saytın düzgün işləməməsi və onun bəzi hissələrinə daxil ola bilməmək vəziyyəti ilə qarşılaşmaq olar.

Şirkətlər cookie fayllar vasitəsilə istifadəçilərin veb saytdan necə istifadə etməsi və qarşılıqlı əlaqəsi haqqında məlumat toplamaq üçün müəyyən məlumatları, o cümlədən saytı ziyarət edənlərin sayı, ən çox trafiki olan səhifələr və ya kontent, saytın dünyanın təxminən harasından ziyarət edildiyi və saytın necə tapıldığı barədə məlumat toplayır ki, daha sonra bu məlumatı saytın təkmilləşdirilməsinə kömək etmək üçün istifadə edir. Cookie-lərin bəziləri fərdi məlumatların toplanmasına imkan verir ki, veb saytlar bu məlumatların emal edilməsi və qorunmasına görə məsuliyyət daşıyırlar.

COOKİE-LƏRDƏN İSTİFADƏNİN QANUNVERİCİLİKLƏ TƏNZİMLƏNMƏSİ

Avropada fəaliyyət göstərən veb saytlar Məlumatların Qorunması üzrə Ümumi Qaydaların (GDPR – General Data Protection Regulation) tələblərinə riayət edərək istifadəçilərin cookie kimi izləmə texnologiyalarını əngəlləmək seçimindən istifadə etmələrinə şərait yaratmalıdırlar. GDPR 2018-ci ildən tətbiq edilən və şirkətlərdən Avropa İttifaqı üzv-ölkələrində həyata keçirilən əməliyyatlar gedişində Avropa İttifaqı vətəndaşlarının fərdi məlumatlarını və məxfiliyini qorumağı tələb edən və pozuntusunun şirkətlərə baha başa gəldiyi qaydalar toplusudur.

Lakin Massaçusets Texnologiya İnstitutu, Aarhus Universiteti və London Universitet Kolleci tərəfindən Dark Patterns after GDPR araşdırması göstərir ki, əksər saytlarda izləmə texnologiyalarını əngəlləmək onları qəbul etməkdən daha çətindir.

Tədqiqat nəticəsində araşdırılan 10 min saytdan yalnız 11.8%-nin GDPR-ın minimum tələblərinə uyğun olduğu məlum olmuşdur. Müxtəlif fəndlərdən istifadə edərək saytlar Avropa qanunvericiliyinin tələblərindən yan keçir  və istifadəçilərin izləmə texnologiyalarını əngəlləməsini çətinləşdirirlər.

Məsələn, araşdırılan saytların 32,5%-i cookie fayllardan istifadə üçün istifadəçilərin qeyri-müəyyn razılığını əsas götürürlər. Yəni istifadəçi yalnız sayta daxil olaraq, səhifəni çevirərək və ya cookie fayllardan istifadəsinə icazə vermək və ya qadağan etmək lazım olduğu barədə pop-up bildiriş pəncərəsinə məhəl qoymayaraq özü də bilmədən saytda cookie fayllardan istifadə edilməsinə razılıq vermiş olur.

Bir çox saytın tətbiq etdiyi digər bir fənd isə istifadəçilərin izləmədən imtina etməsi prosedurunu çətinləşdirməkdir. Onlarda “hamısından imtina et” düyməsi yoxdur və ya onu tapmaq üçün istifadəçi əvvəlcə bir neçə başqa düyməni basmalıdır. Buna baxmayaraq, “hamısını qəbul et” düyməsi həmişə asan nəzərə çarpan yerdə yerləşir. Bu fənd saytlara cookie fayllardan istifadəyə razı olan istifadəçilərin sayını 23% artırmağa imkan verir. Digər tərəfdən, “hamısından imtina et” düyməsinin asan nəzərə çarpan yerdə yerləşməsi razılıq verən istifadəçilərin sayını 8-20% azaldır.

Bütün bunlarla yanaşı, saytların tətbiq etdiyi izləmə texnologiyalarının sayı  o qədər çoxdur ki (58-542 arası), istifadəçilər sadəcə bunların hamısının mövcudluğundan xəbərsiz olurlar və buna görə də onların hər birini ayrı-ayrılıqda aradan qaldıra bilmirlər.

Ölkəmizdə veb saytlar tərəfindən cookie faylların istifadəsi qanunvericiliklə  tənzimlənməsə də bir sıra böyük şirkətlərin veb saytları cookie siyasəti və cookie-lərdən istidafə ilə bağlı istifadəçiləri məlumatlandırırlar.