Kibercinayət üzrə Budapeşt Konvensiyası – 15 il

Üstündən 15 il keçməsinə baxmayaraq, Kibercinayət üzrə Budapeşt Konvensiyası bu gün də kibercinayət və elektron sübutlar üzrə ən münasib beynəlxalq razılaşmadır. O, nəinki üzv-dövlətlərin milli qanunvericilikləri üçün istiqamət verir və onlar arasında beynəlxalq əməkdaşlıq üçün zəmin yaradır, həm də kibercinayətlərlə mübarizə və elektron sübutlar sahəsində potensialın gücləndirilməsi və çoxtərəfli əməkdaşlıq üçün çərçivə rolunu oynayır. Konvensiyanın uğurlu olmasının səbəblərndən biri onun daim inkişafda olmasıdır. Texnologiyalar təkmilləşdikcə Konvensiyanın üzvləri qarşılıqlı hüquqi yardım sorğularını daha effektiv etmək məqsədilə tövsiyələr qəbul etmiş, həmçinin “cloud texnologiyası”nın meydana çıxması ilə əlaqədar malik olduqları imkanların yeni tələblərə uyğunluğunu araşdırmaga başlamışlar. Clauddakı sübuta çıxış məsələsini tənzimləməklə Konvensiya yaxın gələcəkdə də öz aparıcı rolunu saxlayacağı gözləntisini yaradır.
Konvensiyanın 15-ci ildönümünün qeyd edildiyi cari ilin 16-18 noyabr tarixlərində Strasburqda keçirilmiş 10-cu Octopus Konfansında Andorra dövləti ratifikasiya sənədlərini təqdim edərək Konvensiyanın 50-ci üzvü oldu. Konvensiyanı ratifikasiya etmiş dövlətlərdən 9-u (Avstraliya, Kanada, İsrail, Dominikan Respublikası, Yaponiya, Mavritaniya, Panama, Şri-Lanka, ABŞ) Avropa Şurası üzv-dövlətləri deyildir.
Buna baxmayaraq, bir sıra dövlətlər BMT çərçivəsində yeni qlobal kibertəhlükəsizlik konvensiyasının işlənib hazırlanması təşəbbüsü ilə çıxış edərək qlobal xarakter daşıyan kibertəhlükələrə qarşı əks-tədbirlərin də qlobal miqyaslı olması zərurətini, Budapeşt Konvensiyasının yalnız regional səviyyədə tənzimləmədə effektiv olduğunu, həqiqətən beynəlxalq xarakter daşıyan konvensiyanın işlənib hazırlanmasının vacibliyini vurğulayır. Lakin indiki mərhələdə artıq bir çox ölkələrdə başlanmış harmonizasiya prosesini və maliyyə imkanlarının çatışmazlığını nəzərə alaraq, harmonizasiya proseslərini təkrarlamaqdansa, resursları artıq mövcud olan alətlərin tətbiqinə yönəltmək, ölkələrə Budapeşt Konvensiyasının və əlaqədar tədbirlərin tətbiqi üçün texniki yardım göstərməyin kibertəhlükəsziliyin təmin edilməsi üçün daha effektiv olduğu hesab edilir.
Qeyd olunanları nəzərə alaraq, mövcud Konvensiyanın kiberməkandakı müasir risklərə uyğun şəkildə yenilənməsi və ona daha çox ölkənin cəlb edilməsi daha rasional hesab olunur. Budapeşt Konvensiyası artıq 15-ci ildir ki qüvvədədir. Onun qlobal standarta çevrilə bilməsi üçün daha çox dövlət tərəfindən imzalanması və ratifikasiya edilməsi məqsədilə AŞ və BMT tərəfindən birgə tədbirlər həyata keçirilməli və Konvensiyaya qoşulma tələbləri yumşaldılmalıdır. Daha ətraflı