CyberEast: ƏCNƏBİ XİDMƏT PROVAYDERLƏRİ İLƏ ƏMƏKDAŞLIĞA DAİR BEYNƏLXALQ GÖRÜŞ

CyberReast: ƏCNƏBİ XİDMƏT PROVAYDERLƏRİ İLƏ ƏMƏKDAŞLIĞA DAİR BEYNƏLXALQ GÖRÜŞ
TBILISI, GEORGIA 26-28 FEBRUARY 2020

26-28 fevral 2020-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Komissiyası və Rumıniyanın Buxarest şəhərində yerləşən Avropa Şurasının Kibercinayətkarlıq Proqramı Ofisi (C-PROC) əcnəbi xidmət provayderləri ilə əməkdaşlığa dair beynəlxalq görüş təşkil etmişdir. Görüş C-PROC tərəfindən həyata keçirilən bir neçə layihənin, o cümlədən CyberEast, GLACY+, CyberSouth, iPROCEEDS-2-nin birgə səyləri nəticəsində baş tutmuşdur.  

Cinayət ədalət mühakiməsini həyata keçirən orqanlar ilə özəl sektor subyektləri, o cümlədən xidmət provayderləri arasında əməkdaşlıq cəmiyyətin cinayətkarlıqdan qorunması üçün zəruridir. Bu cür əməkdaşlıq ilk növbədə polis və prokurorluq orqanlarının cinayət mühakiməsi məqsədi ilə xidmət provayderləri tərəfindən saxlanılan məlumatlara çıxışını, eyni zamanda məlumat və təcrübə mübadiləsini, eləcə də təlimləri əhatə edir.

Görüşdə 30 ölkədən 80-ə yaxın nümayəndə, o cümlədən Şərq Tərəfdaşlığı Regionundan digər dövlətlərlə yanaşı, Azərbaycan nümayəndələri də iştirak etmişlər.

Tədbirin ilk günündə açılış nitqi ilə çıxış edən Avropa İttifaqının Gürcüstandakı səfiri Carl Hartzell qeyd etmişdir: ”Kibercinayətkarlıqla mübarizə cinayət ədalət mühakiməsinin effektiv həyata keçirilməsinin əsasını təşkil edir. Bu gün korrupsiya, mütəşəkkil cinayətkarlıq, iqtisadi cinayətlər, hətta fərdlərə qarşı cinayətlərlə mübarizə, məsələn elektron sübutlara və ya davam edən onlayn cinayətlərə çıxışa münasibətdə kibercinayətkarlıqla mübarizə üçün effektiv çərçivə tələb edir. Cinayət ədalət mühakiməsini həyata keçirən orqanlar ilə özəl sektor subyektləri, o cümlədən xidmət provayderləri arasında əməkdaşlıq bu baxımdan çox vacibdir. Əlbəttə ki, əsl kibertəhlükəsizlik – insan hüquqlarının, əsas azadlıqların və qanunun aliliyinin tam təmin olunduğu açıq, azad və təhlükəsiz bir kiberməkan deməkdir.”

Tədbirdə C-PROC-un Əməliyyat rəhbəri cənab Virgil Spiridon qeyd etmişdir ki, hüquq mühafizə orqanları və multimilli xidmət provayderləri (Multinational Service Providers – MSP) arasındakı əməkdaşlıq təkcə kibercinayətlərin istintaqını deyil, həm də elektron sübutlar və MSP-lərin malik olduğu məlumatları ehtiva edən digər cinayətlərin istintaqını da əhatə edir və Budapeşt Konvensiyasına İkinci Əlavə Protokol bu cür əməkdaşlıq üçün yeni həllər təqdim edəcəkdir.

Özəl sektor perspektivindən çıxış edən Avropa İnternet Provayderləri Assosiasiyasının (EuroISPA) prezidenti cənab Maksimilian Schubert bildirmişdir ki, hərçənd həm hüquq mühafizə orqanları, həm də İnternet Xidmət Provayderləri (İSP) interneti istifadəçilər üçün təhlükəsiz etmək istəyirlər, lakin ISP-lər istintaq və cinayət təqibinə deyil, müştəri məmnunluğuna yönəlmiş fərqli düşüncə tərzinə malikdirlər. Ortaq maraqlar var, amma yanaşmalar fərqli ola bilər ki, bu, əməkdaşlıq edərkən nəzərə alınması vacib amildir.

Tədbirin sessiyaları əcnəbi xidmət provayderləri ilə əməkdaşlığın konteksti, təcrübi nümunələr, Avropada hüquq mühafizə və məhkəmə sistemi üçün faydalı bir platforma olan Eurojust-ın SIRIUS layihəsi, provayder siyasəti və əməkdaşlıq kanalları və imkanları kimi məslələləri əhatə edirdi. Sessiyalarda Avropa perspektivi, əcnəbi xidmət provayderləri ilə əməkdaşlıqda insan hüquqları və məlumatların qorunması ilə əlaqəli məsələlər, əcnəbi xidmət provayderləri ilə əməkdaşlıq strategiyaları, əməkdaşlıq üçün yeni imkanlar, eləcə də tədbirdə təmsil olunan bütün bölgələrdən əməkdaşlıq təcrübəsinə dair açıq müzakirələr yer almışdır.

Xatırladaq ki, Buxarestdə (Rumıniya) yerləşən Avropa Şurasının Kibercinayətkarlıq Proqramı Ofisi (Cybercrime Programme Office of the Council of Europe – C-PROC) kibercinayətkarlıq və elektron sübutların yaratdığı problemlərin öhdəsindən gələ bilmələri üçün dünya ölkələrinə Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyası standartları əsasında onların hüquq sistemlərinin təkmilləşdirilməsinə yardım edir. Potensialın artırılması funksiyası daşıyan C-PROC Budapeşt Konvensiyasının həyata keçirilməsində iştirakçı dövlətləri istiqamətləndirən Kibercinayətkarlıq Konvensiyası Komitəsinin (T-CY) işini tamamlayır.