Avropa İttifaqı Avropa Şurasının (Cybercrime Convention) Kibercinayətkarlıq Konvensiyasını dəstəkləyən Bəyanat yaymışdır

Avropa İttifaqı

Avropa İttifaqı Avropa Şurasının (Cybercrime Convention) Kibercinayətkarlıq Konvensiyasını dəstəkləyən Bəyanat yaymışdır

Ötən həftə Avropa İttifaqı Avropa Şurasının (Cybercrime Convention) Kibercinayətkarlıq Konvensiyasını dəstəkləyən Bəyanat yaymışdır. Bəyanatda Avropa İttifaqının, BMT Baş Assambleyasının 27 dekabr 2019-cu il tarixdə qəbul etdiyi “İnformasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizə haqqında” qətnaməsini dəstəkləmədiyi bəyan edilmiş, Avropa İttifaqının Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyasında, habelə Fərdi Məlumatların Avtomatik İşlənməsi ilə bağlı Şəxslərin Müdafiəsi haqqında yenilənmiş Konvensiyasında göstərilən yüksək standartlara dəstəyi bir daha təsdiqlənmiş və bunu etməmiş bütün dövlətlər ən qısa müddətdə bu Konvensiyalara qoşulmağa dəvət edilmişdir.

Bəyanatda deyilir:

1. Avropa İttifaqı xatırladır ki, informasiya və kommunikasiya texnologiyalarının təkamülü bəşəriyyət üçün misli görünməmiş fürsətlər təqdim etməklə yanaşı, ədalət mühakiməsi və beləliklə də qanunun aliliyi üçün çətinliklər də yaradır. Kibercinayətlər və kompüter sistemlərində elektron sübutları ehtiva edən digər cinayətlər inkişaf etsə də və bu cinayətlərə aid sübutlar getdikcə daha çox xarici, çoxsaylı, dəyişkən və ya naməlum yurisdiksiyalarda yerləşən serverlərdə saxlansa da, hüquq mühafizə orqanlarının səlahiyyətləri milli sərhədlərlə məhdudlaşır.

2. Avropa İttifaqı Avropa Şurasının həmçinin Budapeşt Konvensiyası da adlandırılan Kibercinayətkarlıq haqqında Konvensiyasının bu cür cinayətkarlığa qarşı mübarizəni asanlaşdırmaq üçün qlobal standart kimi əhəmiyyətini vurğulayır. Biz açıq, sərbəst və təhlükəsiz İnterneti qorumalı və Konvensiyanın tətbiqini və inkişafını dəstəkləyərək kibercinayətkarlıqla mübarizə aparmalıyıq. Avropa İttifaqı və onun Üzvləri daha səmərəli qarşılıqlı hüquqi yardımın təmin edilməsinə və təməl hüquq olan şəxsi həyat hüququ ilə uyğun birbaşa əməkdaşlığa yönəlmiş ikinci əlavə protokolun danışıqlarında fəal iştirak edirlər.

3. Bu xüsusda xatırlatmaq istərdik ki, Avropa İttifaqı BMT Baş Assambleyasının 27 dekabr 2019-cu il tarixdə qəbul etdiyi “İnformasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizə haqqında” qətnaməsini dəstəkləməmişdir. Avropa İttifaqı bu cinayət növünə qarşı səmərəli mübarizə üçün texnoloji baxımdan daha neytral potensialın artırılması tədbirlərinin davam etdirilməsi zəruriliyini qeyd edir. Bununla yanaşı, BMT çərçivəsində yeni bir beynəlxalq müqaviləyə ehtiyac barədə konsensus yoxdur və çıxış yolu insan hüquqlarının və əsas azadlıqlarının qorunması standartlarını aşağı sala biləcək, rəqəmsal uçurumu dərinləşdirəcək və İnternetə dövlət nəzarətini dəstəkləyəcək bir alətin qəbul edilməsi ola bilməz. Avropa İttifaqı Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyasında, habelə Fərdi Məlumatların Avtomatik İşlənməsi ilə bağlı Şəxslərin Müdafiəsi haqqında yenilənmiş Konvensiyasında göstərilən yüksək standartlara dəstəyini bir daha təsdiqləyir. Bunu etməmiş bütün dövlətləri ən qısa müddətdə bu Konvensiyalara qoşulmağa dəvət edir.

Xatırladaq ki, ötən ilin noyabr ayında  BMT Baş Assambleyası komitəsində ABŞ-ın və Qərb ölkələrinin müqavimətinə baxmayaraq, layihəsi Rusiya tərəfindən hazırlanmış və qlobal kibercinayətkarlıq razılaşmasına yol açacaq qətnamənin təşviq edilməsi üçün ilkin səsvermə keçirilmiş və dekabr ayında yekun səsvermədə qətnamə qəbul edilmişdir.