RUSİYANIN MƏLUMATLARI LOKALLAŞDIRMA VƏ SUVEREN İNTERNET CƏHDLƏRİ VƏ BUNUN DİGƏR DÖVLƏTLƏRƏ TƏSİRİ

RUSİYANIN MƏLUMATLARI LOKALLAŞDIRMA VƏ SUVEREN İNTERNET CƏHDLƏRİ VƏ BUNUN DİGƏR DÖVLƏTLƏRƏ TƏSİRİ

Moskvanın məlumatları öz ərazisində saxlaması səyləri digər avtoritar rejimlərin və hətta bəzi demokratik dövlətlərin də maraqlarına uyğun ola bilər.

Kiberməkan mahiyyətcə sərbəst və açıqdır və demokratiya üçün bir dəstək olaraq dövlət nəzarətindən azad olmalıdır. Bu fikri bölüşməyən Rusiya ölkəyə axan məlumatların zərərli xarici təsirlər gətirə biləcəyindən, xaricə çıxan məlumatlardan isə düşmənlərin sui-istifadə edəcəyindən narahatdır. Beləliklə, Rusiya hökuməti məlumatların öz ərazisində saxlanmasına kömək edəcək qaydalar və infrastruktur vasitəsilə “məlumatların lokalizasiyası”nı genişləndirir. Bu cəhdlərin Rusiyanın hüdudlarından kənara çıxan nəticələrə səbəb olacağı gözlənilir: digər avtoritar rejimlər və kibersuverenlik anlayışını yenidən nəzərdən keçirmək arzusunda olan demokratik dövlətlər yeni nəzarət mexanizmlərini yaxından öyrənəcəklər.

Xaricdən gələn təsirləri neytrallaşdırmaq Rusiya liderlərinin əsrlərdən bəri müşahidə olunan siyasəti olmuşdur və Rusiya Federasiyası internetlə bağlı narahatlıqlarını 2000-ci ildə İnformasiya Təhlükəsizliyi Doktrinasında rəsmi şəkildə bəyan etmişdir. O dövrdə hökumət artıq KİV üzərində sovet dövrünə xas nəzarəti yenidən ələ keçirsə də, Rusiya vətəndaşları hələ də fikirlərini və narahatlıqlarını bir-birləri və dünya ilə bölüşmək üçün internetdən sərbəst surətdə istifadə edə bilirdilər.

2019-cu ilin noyabr ayında qüvvəyə minmiş, həmçinin “suveren Runet haqqında qanun” adlandırılan yeni qanun internetin daha sərt tənzimlənməsinə icazə verdi. Qanun Kremlə təhlükə yarandıqda trafikin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə yol açdı, o cümlədən qlobal internetə çıxışın istənilən vaxt dayandırılması məqsədilə ölkənin şəbəkə infrastrukturunun dəyişdirilməsinin hüquqi əsasını qoydu.

Souvereign Runet
Souvereign Runet

“Ərəb baharı” və ilk nəzarət cəhdləri

2010-2012-ci illərdə ən mühüm üsyanları internetdə vətəndaş səfərbərliyinin təmin edilməsi ilə baş tutmuş Ərəb Baharından sonra Kreml kibersuverenliyini bir qədər də  genişləndirdi. 2014-cü ildə Rusiya Xarici işlər naziri Sergey Lavrov bu və digər “rəngli inqilabları” tənqid etdi, Müdafiə naziri Sergey Şoyqu isə bu cür üsyanların “hər zaman informasiya müharibəsi ilə müşayiət olunduğunu” bəyan etdi. 2018-ci ildə Rusiya “Telegram”ın istifadəsinə qadağa qoydu. 200 milyon qlobal istifadəçisi olan, Rusiya və İran da daxil olmaqla digər ölkələrdə məhşur olan “Telegram” messencerinin qadağan edilməsinə səbəb Rusiya təhlükəsizlik xidmətinin “Telegram” istifadəçilərinin şifrəli mesajlarına girişini təmin etməklə bağlı məhkəmə qərarına riayət etməməsi idi.

Gələcəkdə məlumat lokalizasiyasının hansı istiqamətdə olacağı hələ məlum deyil. Məsələn, şirkətlərdən ödəniş məlumatları kimi yalnız müəyyən növ məlumatların yerli saxlanması və ya xaricə göndərilən məlumatların yalnız bir nüsxəsinin yerli olaraq saxlanması tələb oluna bilər. Şirkətlərdən heç bir məlumatın ölkəni tərk edə bilməyəcəyi şəkildə xidmət göstərmələri də tələb oluna bilər.

Telegram ban in Russia
Telegram ban in Russia

Yeni yanaşma məlumatların lokalizasiyasını da əhatə edir. Belə ki, özəl şirkətlərdən məlumatların Rusiya daxilində saxlanması tələb olunur ki, bu isə hüquq mühafizə orqanlarının və ya kəşfiyyat xidmətlərinin özəl şirkətlər tərəfindən saxlanılan həssas məlumatlara çıxışını artırmaq səyləri kimi qəbul edilir. Məsələn, ötən ilin əvvəlində Rusiya Apple-dan öz istifadəçilərinin şifrələmə açarlarını Rusiya ərazisində yerləşən serverlərdə saxlamağı tələb etmişdi.

Məlumatların lokalizasiyasına nail olmaqla hökumətlər müxtəlif məqsədlər  güdə bilərlər. Bunların arasında hüquq mühafizə orqanlarının məlumat əldə etmək imkanlarını artırmaq, xarici şirkətlərin yerli şirkətlərlə rəqabət etmələrini çətinləşdirmək istəyi və ya siyasi motivlər, idarəetmə məqsəd və prinsipləri ola bilər. Rusiyanın məlumatların lokalizasiyasına nail olmaq cəhdləri internet üzərində suverenlik qazanmaq səylərinin bir hissəsidir.

Rusiya bu məqsədlə beynəlxalq müstəvidə də fəallığını artırmışdır. Ötən ilin noyabr ayında BMT Baş Assambleyası komitəsində ABŞ-ın və Qərb ölkələrinin müqavimətinə baxmayaraq, layihəsi Rusiya tərəfindən hazırlanmış və qlobal kibercinayətkarlıq razılaşmasına yol açacaq qətnamənin təşviq edilməsi üçün ilkin səsvermə keçirilmiş və dekabr ayında yekun səsvermədə qətnamə qəbul edilmişdir. Rusiya yeni saziş ilə bağlı əsaslı işlərin 2021-ci ildə başlayacağını bildirib. ABŞ və Avropa rəsmiləri və insan hüquqları qrupları qətnaməyə Rusiya və Çin kimi avtoritar dövlətlərin internetə dövlət nəzarətini gücləndirən qlobal normalar yaratması üçün bir fürsət kimi baxırlar. Rusiya qlobal kibercinayətkarlıq razılaşmasını 2001-ci ildə Budapeşt şəhərində imzalanmış Avopa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına alternativ kimi təqdim edir.

Rusiya məlumatların ölkə xaricinə axmasına qarşı etirazını federal media və senzura agentliyi Roskomnadzor (Rabitə, informasiya texnologiyaları və KİV-ə nəzarət üzrə Federal Xidmət) tərəfindən ötən ilin sonlarında bir milyon Rusiya vətəndaşının şəxsi məlumatlarının (soyad, ad, ata adı, ev ünvanları və telefon nömrələri) Fransada qeydiyyata alınmış nomerekaterinburga.com adlı veb saytda saxlanılması aşkar edilərkən bir daha nümayiş etdirdi. Dekabrın 17-də dövlət mediası saytın “fərdi məlumat subyektlərinin hüquqlarını pozanların reyestrinə daxil edildiyini” və “gələcəkdə ona girişin məhdudlaşdırılacağını” bildirdi.

Bu narahatlıq həmçinin əhali arasında şəxsi məlumatlarla əlaqədar artan narahatlığı da əks etdirir. Əhalinin internet və mobil texnologiyalardan ən çox istifadə edən hissəsini təşkil edən rus gəncləri şəxsi məlumatlarına ciddi yanaşmağa başlayır. Son araşdırma 9-17 yaş arası şagirdlərin 83 faizinin bu konsepsiya ilə bağlı dəqiq anlayışa sahib olduğunu göstərdi. Bu isə bir il əvvəlki göstəricidən 43 faiz çoxdur. Roskomnadzor araşdırması tələbələrin yalnız üçdə birinin şəxsi məlumatlarını sosial şəbəkələrdə yerləşdirdiyini və yarısının sosial mediadan istifadə edərkən məxfilik parametrlərini uyğunlaşdırdığını müəyyən etdi.

Ümumiyyətlə, Kremlin internetə nəzarəti televiziya və çap mediası üzərində olduğu qədər möhkəm deyil. Daha sürətli və daha ucuz LTE mobil şəbəkə texnologiyasının yayılması nəticəsində bu gün Rusiya vətəndaşları həmişə olduğundan daha sürətlə məzmun yükləyə və yarada bilirlər. Rabitə Nazirliyi Rusiya mobil abunəçilərinin 2019-cu ilin doqquz ayı ərzində bütövlükdə 2018-ci illə müqayisədə daha çox məlumat endirdiyini bildirir. Bu məlumatlardan bəziləri şübhəsiz ki, hökumətin ölkədə saxlanması və qorunması lazım olduğunu hesab etdiyi məlumatlardır. Lakin yeni internet qanununa qarşı etirazlar bəzi vətəndaşların internetin sərt tənzimlənməsinə qarşı olduğunu göstərir.

Rusiya xarici şirkətləri məlumatların lokalizasiyası qaydalarına əməl etməyə məcbur etmək üçün iqtisadi təzyiqdən nə dərəcədə səmərəli istifadə edə bilər? Rusiya məlumatların lokalizasiyası qaydalarını sərtləşdirəcəkmi və bunu necə edəcək? Rusiya Çin ilə transsərhəd məlumat ötürmə qaydalarını işləyib hazırlayacaqmı və bunu necə həyata keçirəcək? Rusiya şirkətləri və vətəndaş cəmiyyəti təşkilatları kibersuverenlik təkliflərinə qarşı çıxacaqmı?

Suallar çoxdur. Yalnız onu demək olar ki, həm avtoritar, həm də demokratik ölkələr Rusiyanın məlumatların lokalizasiyası cəhdlərini izləyərək özləri üçün nəticə çıxaracaqlar.