Cloudda elektron sübutlar: istintaq üçün maneələr

Dövlətlər cəmiyyət və fərdləri cinayətlərdən qorumaqla bağlı öhdəlik daşısalar da, kiberməkana gəlincə onların bu öhdəliyi həyata keçirmək imkanları məhdudlaşır. Cinayət işlərinin istintaqında elektron sübutların əldə edilməsi qanunun aliliyinin təmin edilməsi üçün vacibdir. Lakin dövlətlərin kiberməkanda hüququn aliliyini təmin etmək imkanları onlar cinayət işlərinin istintaqı məqsədilə məlumatlara və beləliklə elektron sübutlara çıxış yolunda duran maneələri dəf etməyənə qədər, məhdud olacaqdır.
Son dövrlərə qədər elektron sübutun əldə edilməsi onu özündə saxlayan cihazın müəyyənləşdirilməsi, götürülməsi və informasiyanın çıxarılması məqsədilə cihazın üzərində ekspertizanın aparılması mərhələlərindən ibarət idi. Bu asan bir prosedur olmasa da ekspertizadakı inkişaf cinayətkarlara öz izlərini gizlətməsində getdikcə daha çox çətinlik yaradırdı. Lakin məlumatların cihazlarda saxlanması artıq keçmişdə qalmışdır və ekspertlər bunun rəqəmsal ekspertiza üçün ciddi çətinliklər yaradacağını ehtimal edirlər.
Cinayət ədalət mühakiməsinin məqsədləri üçün clouddakı, yəni əcnəbi, naməlum və ya çoxsaylı yurisdiksiyalarda yerləşən serverlərdə olan sübutlara çıxışa malik olmaq dövlətlərin cəmiyyət və fərdləri cinayətdən qorumaqla bağlı öhdəlikərini həyata keçirməsi üçün zəruridir.
Cloudlarda böyük həcmdə informasiyanın saxlandığı indiki dövrdə demək olar ki, artıq hər bir istintaqda onlayn element mövcuddur və vebdə sübutun tapılması və saxlanması çox vacib olmuşdur. Lakin cloud mühitində işləmək üçün mövcud olan ekspertiza alətləri çox məhdud, bu mühitdə işləmək üçün bilik və təcrübəsi olan ekspertlər isə azdır.
İlkin çətinliklərdən biri clouddakı məlumatı mühafizə etmək və saxlamaqla bağlıdır. Hər bir cloud mühiti fərqlidir və müxtəlif platformalara malikdir. Bu ekspertlərdən ora daxil olmaq, məlumatları müəyyənləşdirmək və saxlamaqla bağlı bacarıq tələb edir. Bundan başqa, cloudda saxlanılan elektron sübutun bərpası da problemli məsələlərdəndir, belə ki, pozulmuş faylların bərpası çox vaxt mümkün olmur.
Clouddakı elektron sübutların əldə edilməsi üçün çıxış yollarından biri dövlətlər arasında daha effektiv qarşılıqlı hüquqi yardıma nail olmaqdır. Dəyişkən elektron sübutların saxlanmasında şübhələr doğursa da, bu, digər yurisdiksiyadan sübutların fərdlərin hüquqlarını və dövlətlərin suverenliyini pozmamaqla əldə etməyin ən geniş qəbul edilmiş vasitəsidir.
İstintaq prosesində ən çox tələb olunan məlumat abunəçi məlumatları olduğuna görə xidmət provayderindən abunəçi məlumatlarının birbaşa sorğu edilməsi də elektron sübutun əldə edilməsinin əsas yollarından biridir. Bu gün dövlətlər Apple, Google, Facebook, Microsoft, Twitter və Yahoo kimi şirkətlərə qeyri-müəyyən hüquqi məsələlərlə bağlı yüz minlərlə sorğu göndərirlər.
Clouddakı elektron sübutların əldə edilməsinin cinayət ədalət mühakiməsi üçün yaratdığı çətinliklərin tənzimlənməsi zəruriliyini Kibercinayət üzrə Budapeşt Konvensiyasına bu məsələni tənzimləyəcək yeni əlavə protokol layihəsinin müzakirə edilməsi də göstərir. Belə ki, 2017-ci ilin iyun ayına qədər Kibercinayət Konvensiyası Komitəsi clouddakı elektron sübutların əldə edilməsi məqsədilə daha effektiv hüquqi yardım və xidmət provayderləri ilə əməkdaşlıq məsələlərini tənzimləyəcək yeni protokol layihəsini təqdim edəcəyi gözlənilir.

Yazıdakı məlumatlardan istifadə zamanı istinad zəruridir.

Technology

Technology