BÖYÜK BRİTANİYA HÖKUMƏTİ RUSİYANI KİBERHÜCUMLARDA İTTİHAM ETDİ.

Rusiyanın hərbi kəşfiyyat xidməti Gürcüstana qarşı həyata keçirilən kiberhücuma ittiham edilməsi.

Ötən həftə İngiltərə hökumətinin yaydığı press-relizdə Rusiyanın hərbi kəşfiyyat xidməti Gürcüstana qarşı həyata keçirilən kiberhücum kampaniyasına görə tənqid olunmuşdur.

İngiltərə, Gürcüstan və beynəlxalq tərəfdaşlar Rusiyanın hərbi kəşfiyyat xidmətinin (GRU və ya ГРУ – Гла́вное управле́ние Генера́льного шта́ба Вооружённых Сил Росси́йской Федера́ции – Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi) ötən il Gürcüstana qarşı bir sıra kiberhücumların həyata keçirilməsində məsuliyyətini ifşa etmişlər.

İngiltərənin Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC – National Cyber Security Centre) 28 oktyabr 2019-cu il tarixində GRU-nun böyük ehtimalla genişmiqyaslı, dağıdıcı kiberhücumlar həyata keçirdiyini müəyyən etmişdir. Kiberhücumlar bir sıra gürcü veb hosting provayderlərinə qarşı yönəlmiş, nəticədə Gürcüstan hökumətinə, məhkəmələrinə, QHT, KİV və özəl şirkətlərə aid saytlar sıradan çıxarılmış, bəzi milli yayım xidmətlərinin işində fasilə yaranmışdır.

Bu kiberhücumlar Rusiyanın Gürcüstana qarşı uzun müddətdir davam edən düşmənçilik və destabilizasiya fəaliyyətinin bir hissəsi olmuşdur. İngiltərə kiberhücumların Gürcüstanın suverenliyini, asayişi və gürcü xalqının həyatını pozmaq məqsədi ilə həyata keçirilməsindən əminliyini ifadə etmiş, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam etdiyini bildirmişdir.

Xarici İşlər Naziri Dominic Raab-ın bəyanatı.

Xarici İşlər Naziri Dominic Raab bəyan etmişdir ki, GRU-nun suveren və müstəqil dövlət olan Gürcüstana qarşı kiberhücum kampaniyası tamamilə qəbuledilməzdir. Rusiya hökumətinin digər ölkələrə qarşı bu aqressiv davranış nümunəsini davam etdirmək və ya beynəlxalq hüquqa hörmət edən məsul tərəfdaş olmaq kimi açıq bir seçimi var. İngiltərə bu cür kiberhücumları ifşa etməyə və GRU-nun qorxunc davranışlarına qarşı öz müttəfiqləri ilə birgə işləməyə davam edəcəkdir.

Milli Kiber Təhlükəsizlik Mərkəzinin qiymətləndirməsinə görə,  GRU 2019-cu ilin oktyabr ayında Gürcüstanda veb saytların dağıdılması, kiberhücumların həyata keçirilməsi və telekanalların fəaliyyətində fasilələrin yaranmasına görə  demək olar ki, tam (95%+) məsuliyyət daşıyır. Mərkəzin qiymətləndirməsini və daha geniş konteksti nəzərə alaraq, İngiltərə hökuməti GRU-nun məsuliyyət daşıması qənaətinə gəlmişdir.

Bu pozuntuların həyata keçirilməsində istifadə olunan kiberproqram açıq mənbələrdə Sandworm team, BlackEnergy Group, Telebots və VoodooBear kimi fərqli adlarla tanınır. O, GRU-nun Baş Xüsusi Texnologiyalar Mərkəzi tərəfindən idarə olunaraq adətən “GTsST” abreviaturası və ya 74455 sahə poçt nömrəsi ilə tanınır.

Sıradan çıxarılmış internet səhifələri keçmiş prezident Saakaşvilinin şəkli və “I”ll be back”, yəni "Mən geri qayıdacağam" başlığı ilə əvəz olunmuşdu.
Sıradan çıxarılmış internet səhifələri keçmiş prezident Saakaşvilinin şəkli və “I”ll be back”, yəni “Mən geri qayıdacağam” başlığı ilə əvəz olunmuşdu.

SON KİBERHÜCUM GRU-NUN 2017-Cİ İLDƏN BƏRİ İLK DAĞIDICI KİBERHÜCUMU OLMUŞDUR.

İndiyə qədər GRU aşağıdakı kiberhücumların həyata keçirilməsinə cavabdeh olmuşdur:

BlackEnergy: 2015-ci ilin dekabr ayında Ukraynanın elektrik şəbəkəsinin bir hissəsinin fəaliyyətinin dayandırılması nəticəsində 230.000 insanın 1-6 saat arası elektrik enerjisindən məhrum olması;

Industroyer: 2016-cı ilin dekabr ayında CrashOverride adı ilə tanınan Ukraynanın elektrik şəbəkəsinin bir hissəsinin fəaliyyətinin dayanması. Kiberhücum paytaxt Kiyev şəhərinin beşdə bir hissəsinin bir saatlıq elektrik enerjisiz qalması ilə nəticələnmişdi. Bu, elektrik şəbəkələrini pozmaq üçün xüsusi olaraq hazırlanmış məlum olan ilk zərərli proqram idi;

NotPetya: 2017-ci ilin iyun ayında Ukraynanın maliyyə, enerji və hökumət sektorlarını hədəf alan və digər Avropa və Rusiya şirkətlərinə də təsir edən dağıdıcı kiberhücum;

BadRabbit: 2017-ci ilin  oktyabr ayında ransomware hard diskləri şifrələyərək IT sisteminin fəaliyyətini dayandırmış, nəticədə Kiyev metrosu, Odessa hava limanı, Rusiya mərkəzi bankı və iki Rusiya KİV-nin işində çətinliklərə səbəb olmuşdu.

Press-relizdə daha sonra Gürcüstanın İngiltərə üçün strateji tərəfdaş olduğu, İngiltərənin Gürcüstanda bir sıra layihələri dəstəklədiyi və iki ölkənin nazirlik səviyyəsində illik İngiltərə-Gürcüstan Strateji Dialoqunun möhkəm əlaqələrin inkişafına davam etmək üçün vacib bir çərçivə təmin etdiyi bildirilir. Böyük Britaniya 2018-ci ildə Salisbury’a edilən hücumdan sonra, o cümlədən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatını (OPCW) gücləndirmək səylərini dəstəklədiyi üçün Gürcüstanın dəstəyinə görə minnətdar olduğunu bildirmişdir.