BMT KİBERCİNAYƏTKARLIQLA MÜBARİZƏ HAQQINDA SAZİŞ LAYİHƏSİNƏ YAŞIL İŞIQ YANDIRDI

BMT Baş Assambleyasl

BMT KİBERCİNAYƏTKARLIQLA MÜBARİZƏ HAQQINDA SAZİŞ LAYİHƏSİNƏ YAŞIL İŞIQ YANDIRDI

The Associated Press agentliyinin məlumatına görə, BMT Baş Assambleyası ötən ayın sonunda Avropa İttifaqı, ABŞ və digər ölkələrin etirazlarına baxmayaraq, kibercinayətkarlıqla mübarizə üzrə yeni beynəlxalq müqavilənin hazırlanması prosesinə start verəcək qətnaməni qəbul etmişdir.

Layihəsi Rusiya tərəfindən hazırlanan qətnamə 193 üzv-dövlətdən 33-ü bitərəf olmaqla, 79-60 səs ilə qəbul edilmişdir.

Qətnaməyə əsasən, informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı hərtərəfli beynəlxalq konvensiyanın hazırlanması üçün dünyanın bütün bölgələrini təmsil edən ekspert komitəsi yaradılır. Ekspert komitəsinin öz fəaliyyət planını razılaşdırmaq üçün 2020-ci ilin avqust ayında bir araya gələcəyi söylənilir.

ABŞ səfirinin müavini Cherith Norman Chalet səsvermədən əvvəl Baş Assambleyadakı çıxışında bildirmişdir ki, qətnamə gücləndirilmiş koordinasiyanın vacib olduğu indiki vaxtda kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa xələl gətirəcəkdir.

“Yeni bir sazişin hazırlanmasının zəruriliyi barədə üzv-dövlətlər arasında fikir birliyi yoxdur. Bu, yalnız kibercinayətkarlıqla mübarizədə qlobal səyləri zəiflətməyə xidmət edəcəkdir”, Chalet bildirmişdir.

Chalet və Avropa İttifaqını təmsil edən Finlandiya nümayəndəsi BMT-nın mövcud kibercinayətkarlıqla mübarizə üzrə hökumətlərarası ekspert qrupunun yeni bir sazişin zəruri olub olmaması məsələsini artıq müzakirə etdiyini vurğulamışlar.

“Kibercinayətkarlıqla mübarizə üzrə ekspertlərin öz tövsiyələrini verməzdən əvvəl yeni saziş ilə bağlı siyasi bir qərar vermək səhv addımdır” deyən Chalet, “qətnamənin ekspertlərin işinə ziyan vuracağını” bildirmişdir.

Rusiya nümayəndəsi qeyd etmişdir ki, qətnamə cari ilin avqust ayında fəaliyyətə başlayacaq yeni komitənin kibercinayətkarlıqla mübarizə üzrə ekspert qrupunun işinin nəticələrinin nəzərə alınmasını tələb edir. Bunu nəzərə alaraq, Rusiya nümayəndəsi yeni saziş ilə bağlı əsaslı işlərin 2021-ci ildə başlayacağını bildirib.

Xatırladaq ki, ötən ilin noyabr ayında  BMT Baş Assambleyası komitəsində ABŞ-ın və Qərb ölkələrinin müqavimətinə baxmayaraq, layihəsi Rusiya tərəfindən hazırlanmış və qlobal kibercinayətkarlıq razılaşmasına yol açacaq qətnamənin təşviq edilməsi üçün ilkin səsvermə keçirilmişdi.

KİBERCİNAYƏTKARLIQLA MÜBARİZƏNİN GENİŞLƏNDİRİLMƏSİ CƏHDİ, YOXSA İNTERNETƏ NƏZARƏT ÜZƏRİNDƏ BÖYÜK DÖVLƏTLƏRİN MÜBARİZƏSİ?

ABŞ və Avropa rəsmiləri və insan hüquqları qrupları qətnaməyə Rusiya və Çin kimi avtoritar dövlətlərin internetə dövlət nəzarətini gücləndirən qlobal normalar yaratması üçün bir fürsət kimi baxırlar.
Rusiya qlobal kibercinayətkarlıq razılaşmasını 2001-ci ildə Budapeşt şəhərində imzalanmış Avopa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına alternativ kimi təqdim edir. Lakin Qərb rəsmiləri bildirirlər ki, yeni razılaşma BMT çərçivəsində təsdiqlənmiş standartların yaradılması üçün nəzərdə tutulmuşdur ki, bu da hökumət orqanları tərəfindən tənqidi hesab olunan vebsaytların bloklanmasına və müxalif mövqeli fərdləri izləmək üçün rəqəmsal texnologiyaların istifadəsinə imkan verəcəkdir.
Ekspertlər bildirirlər ki, baş verənlər kibercinayətkarlıqla mübarizənin genişləndirilməsi cəhdlərindən daha çox, internetə nəzarət edilməsi üzərində mübarizəyə bənzəyir.