Beynəlxalq hüquq kiber məkanda tətbiq olunurmu?

Kiber əməliyyatlar hüquqi boşluqda baş vermir. Bunu “Kiber əməliyyatlara tətbiq olunan beynəlxalq hüquq üzrə Tallin Məlumat kitabı 2.0” (“Tallin Manual 2.0”) bir daha təsdiq edir.
Tallin Manual 2.0, həmçinin dövlətlərin təcrübəsi sübut edir ki, beynəlxalq hüquq kiber məkana tətbiq olunur. Kiber əməliyyatlar hüquqi boşluqda baş vermir. Dövlətlər kiber məkanda hüquqlara malikdirlər, o cümlədən öhdəliklər daşıyırlar. Kiber eradan öncə mövcud olmuş normalar dövlətlər tərəfindən, həmçinin onlara qarşı törədilən kiber əməliyyatlara şamil olunur. Tallin Manual 2.0 dövlətlərin suveren bərabərlik hüququ və onların məsuliyyəti prinsiplərindən tutmuş, insan hüquqları və kosmos hüququna qədər məsələləri əhatə edir.
Vəsait 2013-cü ildə buraxılmış “Kiber müharibəyə tətbiq olunan beynəlxalq hüquq üzrə Tallin məlumat kitabı”nın daha geniş və yenilənmiş versiyasıdır. Orijinal versiya beynəlxalq münasibətlərdə güc tətbiqinin qadağan olunması, dövlətlərə özünü müdafiə hüququndan istifadə etmək hüququnu verən və silahlı münaqişələr zamanı meydana çıxan daha sərt kiber əməliyyatların şərhinə həsr olunmuşdu. Tallin Məlumat kitabı 2.0 isə dövlətlərin gündəlik üzləşdikləri kiber insidentlər, o cümlədən güc tətbiq edilməsi və silahli münaqişələrə səbəb olan kiber əməliyyatların daha ağır formalarının hüquqi şərhini əhatə edir və kiber məsələlərlə məşğu olan hüquqşünaslar üçün mühüm mənbədir. Bu buraxılış kiber əməliyyatlara tətbiq olunan beynəlxalq hüququn sülh dövrünün hüquqi rejimlərindən tutmuş silahlı münaqişə hüququnu, kiberməkanı tənzimləyən beynəlxalq hüquq prinsipləri və rejimlərini əhatə edir. Bunlardan bəziləri, məsələn dövlətlərin suveren bərabərlik prinsipi və yurisdiksiyaların tətbiqi üçün əsaslar ümumi beynəlxalq hüquqa aid məsələlərdir. Dövlətlərin məsuliyyəti prinsipi Tallin Manual 2.0-da ətraflı şərh olunur, əlavə olaraq beynəlxalq hüququn insan hüquqları, hava və kosmos hüququ, dəniz hüququ, diplomatik və konsulluq hüququ kimi ixtisaslaşmış sahələri kiber əməliyyatlar kontekstində izah olunur.
Mövcud beynəlxalq hüququn kiber kontekstdə necə tətbiq olunmasına aydınlıq gətirən Tallin Manual 2.0 NATO-nun Müştərək Kiber Müdafiə üzrə Təkmilləşdirmə Mərkəzinin dəstəyi ilə dünyanın tanınmış 19 beynəlxalq hüquq üzrə eksperti tərəfindən hazırlanmış, onun hazırlanmasında 50-yə yaxın dövlət məsləhəthələşmələrə cəlb olunmuşdur. Dövlətlərin beynəlxalq hüququn kiber məkanda necə tətbiq olunması ilə bağlı razılaşmaya gəlməsi vacibdir. Bu nöqteyi nəzərdən Tallin Manual 2.0 dəyərli mənbə hesab oluna bilər.
Daha ətraflı