5G TEXNOLOGİYASI NƏDİR?

5G TEXNOLOGİYASI NƏDİR?

Ötən həftə II Beynəlxalq Kibertəhlükəsizlik Həftəsi çərçivəsində Bakıda baş tutmuş “Kibertəhlükəsizlik konfransı”nda ölkəmizdə 5G-yə keçid üzrə hazırlıq işləri aparıldığı və  sınaqlar həyata keçirildiyi bildirildi. Bəs 5G texnologiyası nədir və onun tətbiqi həyatımızı necə dəyişəcək?

5G nədir?

5G insanların yaşam və iş tərzlərini dəyişəcəyi gözlənilən yeni nəsil simsiz şəbəkə texnologiyasıdır. O, mövcud 4G LTE şəbəkəsinə nisbətən daha sürətli olmaqla yanaşı, daha çox qoşulmuş cihazları idarə edə biləcək və yeni növ texnoloji məhsullar dalğasına yol açacaq inkişafı təmin edəcəkdir. 5G şəbəkələri 2018-ci ildə ABŞ-da və dünyada yayılmağa başladı. Hələ ki ilkin mərhələdə olmağına baxmayaraq, mütəxəssislər onun potensialının böyük olacağını proqnozlaşdırırlar.

Nə üçün 5 G?

Şirkətlər ən sürətli və ya ən geniş 5G şəbəkələrinə sahib olmaq üçün yarışırlar. Həmçinin ölkələr də tam funksional, ümummilli 5G tətbiq edən ilk ölkə olmaq uğrunda mübarizə aparırlar. Çünki yeni 5G texnologiyasının faydaları yalnız istehlakçılarla məhdudlaşmayaraq, həm də şirkətlər, infrastruktur və müdafiə məqsədləri üçün transformativ yeni texnologiyalara təkan verəcəkdir.

5G-nin faydaları

5G texnologiyasının populyarlığı daha çox onun sürəti ilə əlaqədar olsa da digər üstünlükləri də var. 5G daha böyük zolaq genişliyinə (bandwith) malikdir, belə ki,  əvvəlki şəbəkələrə nisbətən daha çox qoşulmuş cihazları idarə edə bilər. Bu isə izdihamlı yerlərdə keyfiyyətsiz xidmətin sonu deməkdir. 5G smart diş fırçaları və özü idarə olunan avtomobillər kimi daha çox cihazlara qoşulmaq imkanı verəcəkdir.

5G həmçinin gecikməni – mobil telefonun (və ya digər qoşulmuş cihazın) serverə sorğu göndərərək cavab alması üçün olan vaxtı – sıfıra qədər endirəcək və bulud platformaları (məsələn, Amazon Web Services və Microsoft Azure) ilə bağlantını daha sürətli və asan edəcək.

Əgər 2 saatlıq filmi 4G ilə 7 dəqiqə ərzində endirirksə, 5G ilə bunun üçün 10 saniyədən az müddət kifayətdir.
Əgər 2 saatlıq filmi 4G ilə 7 dəqiqə ərzində endirirksə, 5G ilə bunun üçün 10 saniyədən az müddət kifayətdir.

5G necə işləyir?

5G ilə siqnallar yeni radio tezlikləri üzərindən işləyir ki, bu da telekommunikasiya qüllələrindəki radio və digər cihazların yenilənməsini tələb edir. Simsiz daşıyıcının xüsusiyyətlərindən asılı olaraq 5G şəbəkəsinin qurulmasının üç fərqli üsulu var: aşağızolaqlı şəbəkə (geniş əhatə dairəsi olan, lakin 4G-dən təxminən 20% daha sürətli), yüksəkzolaqlı şəbəkə (super sürətli, lakin siqnallarıın yayılma keyfiyyəti aşağı və sərt sədləri keçməsi çətin olan) və ortazolaqlı şəbəkə (sürət və əhatə dairəsi balanslaşdırılmış).

Super sürətli 5G şəbəkələrini tətbiq edən daşıyıcılar adətən bir-birlərinə yaxın məsafədə çoxsaylı pizza qutusu ölçüsündə kiçik telekommunikasiya saytlarını işıq dirəklərinə, divarlara və ya qüllələrə quraşdırmalıdırlar. Bu səbəbdən super sürətli şəbəkələr əsasən şəhərlərdə tətbiq olunur. Məsələn, ABŞ-da əksər daşıyıcılar həm geniş əhatə dairəsinə, həm də yüksək sürətə imkan verən müxtəlif şəbəkə növlərinin sintezindən istifadə edirlər.

5G texnologiyası ilə internetdə endirmə nə qədər sürətli olacaq?

Simsiz sənaye ticarət qrupu GSMA-nın qiymətləndirməsinə görə, 5G şəbəkələrinin sürətinin 4G LTE ilə müqayisədə ən azı 10 dəfə daha sürətli olacağı gözlənilir. Bəzi mütəxəssislər isə 5G-nin 100 dəfə daha sürətli ola biləcəyini söyləyirlər. Əgər 2 saatlıq filmi 4G ilə 7 dəqiqə ərzində endirirksə, 5G ilə bunun üçün 10 saniyədən az müddət kifayətdir. Faktiki endirmə sürəti yer və şəbəkə trafiki də daxil olmaqla bir sıra amillərdən asılı olacaqdır.

5G texnologiyasından necə istifadə etmək olar?

5G şəbəkəsinə qoşulmaq və onun faydalarından yararlanmaq üçün istehlakçılar 5G texnologiyasını dəstəkləyən cihazlara malik olmalıdırlar. Samsung, Motorola, Huawei, LG, OnePlus və bir sıra digər cihaz istehsalçıları 5G telefonlarını artıq istehsal etmişdirlər. Apple şirkətinin isə cari ilin payızında 5G iPhone buraxacağı gözlənilir. Bəzi şirkətlər, o cümlədən NFL də daxil olmaqla bir sıra istehsalçılar 5G texnologiyasının ümummilli tətbiqini gözləmədən fərdi 5G şəbəkələrini qurmaq üçün daşıyıcılarla birgə işləyirlər.

5G texnologiyasının hansı çatışmazlıqları vardır?

5G-nin əhəmiyyətli dərəcədə tətbiq edilməsi illərlə davan edən bir proses olacaq. Sənaye ticarət qrupu GSMA-nın qiymətləndirməsinə görə, 2025-ci ilə qədər mobil bağlantıların yarısını 5G təşkil edəcək, qalanları isə 4G və 3G kimi köhnə texnologiyalı olacaq.

5G üzərində özünü idarə edən avtomobillər və səhiyyə sistemləri kimi vacib texnologiyaların qurulacağı ilə əlaqədar tənzimləyicilər və hökumətlərin həmçinin 5G-nin təhlükəsizliyi ilə bağlı narahatlıqları da mövcuddur.